
Vəlişan Həsənov və Fərid Quliyev
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki üzvünün polis tərəfindən saxlanıldığı bildirilir.
AXCP sədri Əli Kərimlinin “Facebook” səhifəsində yazdığına görə, partiya üzvləri Vəlişan Həsənov və Fərid Quliyevlə əlaqə noyabrın 6-dan itib. Onun sözlərinə görə, F.Quliyevin inzibati qaydada 30 sutkalıq həbs olunduğu barədə məlumat əldə olunub, lakin V.Həsənov barədə hələ də məlumat yoxdur.
Partiya sədri iddia edib ki, hər iki fəal onu öz maşınları ilə müəyyən yerlərə aparıblar və buna görə “hakimiyyətin hədəfinə” çevriliblər.
“Vəlişan bəy elə dünən məni öz maşını ilə bir yas yerinə və Tofiq Yaqublunun məhkəməsinə aparmışdı. Ondan əvvəl də Fərid bəy məni öz maşını ilə bir qohumumgilə və Bakı Ağır Cinayətlər Məhkəməsinə aparmışdı. Mənə yaxın cəbhəçilərin ardıcıl və sistemli şəkildə həbsi qərarı heç şübhəsiz ki, İlham Əliyev tərəfindən verilib. Güc və repressiya strukturları da bu tapşırıqları artıqlaması ilə yerinə yetirir. Həbslərin məqsədi cəbhəçiləri qorxudub məni təkləməkdir”, – o qeyd edib.
“Dünyanın harasında güclü və əvəzedilməz demirəm, sadəcə öz siyasi bacarığına əmin olan dövlət başçısı öz siyasi rəqibilə bu şəkildə – ofisini partladaraq, pasportunu həbs edərək, internetini kəsərək, ətrafını, yaxınlarını həbs edərək, özünə işgəncə verdirərək mübarizə aparır? Varmı dünyada belə nümunə? Əminəm ki, ədalətli xalqımız nə baş verdiyinin fərqindədir”, – Ə.Kərimli əlavə edib.
Bu ilin martından Ə.Kərimli ilə yaxınlığı olan 10 AXCP üzvü həbs edilib. Onların əksəriyyəti inzibati qaydada həbs olunub.
Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalov isə martın 22-də Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə həbs olunub.
Onun digər ictimai əsaslarla mühafizəçisi Novruz Tağıyev isə mayın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Ə.Kərimlinin digər mühafizəçisi Niyaməddin Əhmədov da 2021-ci ildə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib.
AXCP-nin, ümumilikdə, 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.
Toplum TV