Samir Aşurovun həyat yoldaşı: “Soyuqdan ciyərləri ağrıyır, amma həkim yaxın durmur”

by Gozetci

Samir Aşurov

 

Həbsdə olan siyasi fəal Samir Aşurov səhhətindən və cəzaçəkmə müəssisəsindəki biganə münasibətdən şikayət edir.

Bu barədə noyabrın 9-da onun həyat yoldaşı Nura Aşurova “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Samir Aşurov əvvəlcə Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“Tubzon”) yerləşdirilsə də, orada müalicə almayıb.

““Tubzon”dan 2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi gündən bəri də heç bir baxış və ya müalicə edilməyib. İndi Samir deyir ki, ona soyuq olub, ciyərləri ağrıyır, amma həkim heç yaxın durmur. Aylardır çalışırıq ki, Samir müəssisədəki tibb məntəqəsinə yerləşdirilsin, amma bütün cəhdlərimiz boşa çıxır. Çünki hamı bilir ki, “sentrala” yalnız pullu məhbuslar yerləşdirilir, buna görə də Samirin adını belə çəkmirlər”, – o qeyd edib.

Nura Aşurova əlavə edib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlasa da və müraciətinin qeydə alındığı bildirilsə də, sonradan zənglərinə cavab verilməyib.

“Halbuki sizə də bildirilib ki, məhbusun səhhəti ilə bağlı müraciətlərə yerində baxılmalıdır. Samirin səhhətindəki problemləri onun həbs olunduğu ilk gündən dilə gətirirəm. Adam xəstədir, müalicə və müayinə olunmalıdır. Bu, təkcə Samir Aşurova aid deyil – bütün məhbuslara aiddir. Amma siz həkimə tapşırırsınız ki, onlara rəy yazmasınlar. 2 saylı Cəzaçəkmə Müəssisəsinin baş həkimi Səddam Samirin xəstəliyini bildiyi halda onu qəbul edib rəy yazmır”, – o bildirib.

Xatırlatma

2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan S. Aşurov 20 gün sonra polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.

Bir neçə ay sonra ona qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələri ilə təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.

Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

Toplum TV 

You may also like