Afiəddin Məmmədovun telefon danışığına qadağa qoyulub

by Gozetci

Afiəddin Məmmədov

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, işçi hüquqları fəalı Afiəddin Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində telefonla danışmaq hüququnun məhdudlaşdırıldığı bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıb.

Onların sözlərinə görə, qadağaya səbəb kimi fəalın sonuncu müsahibəsi göstərilib. Müsahibə yayımlandıqdan sonra müəssisə rəhbərliyi Afiəddin Məmmədovun telefon danışıqlarını dayandırıb və onunla əlaqə qurmaq mümkün olmur.

Fəalın “Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Ülviyyə Əliyə verdiyi müsahibədə təcridxanadakı şəraitin ağır olduğunu, xəstə məhbuslara tibbi yardım göstərilmədiyini deməsi rəhbərliyin narazılığına səbəb olub.

“İşçi Masası”ndan verilən məlumata görə, müəssisənin əməkdaşı Vüsal Aslanov fəalın telefon danışıqlarına mane olur, ona qarşı təzyiq göstərir və digər məhbusları onunla mübahisəyə təhrik edir.

Yaxınları bildirir ki, artıq bir neçə gündür Afiəddin Məmmədovla əlaqə saxlamaq mümkün deyil və onun səhhəti barədə məlumat əldə olunmayıb.

Hazırda Penitensiar Xidmət məsələ ilə bağlı açıqlama verməyib.

Meydan TV 

You may also like