Azər Qasımlı
Sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, politoloq Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib.
Hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkən qismində tanınan Qurbanəli Yusifov dindirilib.
Cinayət işində iddia olunur ki, Azər Qasımlı Qurbanəli Yusifovdan hədə-qorxu ilə pul tələb edib və “zərərçəkən” buna görə polisə müraciət edib.
Azər Qasımlı isə iddia edir ki, o, Qurbanəli Yusifovdan öz pulunu tələb edib.
Politoloqun həyat yoldaşı Samirə Qasımlı “Meydan TV”-yə deyib ki, prosesdə Qurbanəli Yusifov Azər Qasımlının öz pulunu tələb etdiyini etiraf edib.
“Azər ona konkret sual verdi ki, mən səndən sənin şəxsi pulunu istəmişəm? Qurbanəli Yusifov cavab verdi ki, xeyr, istəməmisən. Bu “xeyr” cavabı artıq Azərə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 182.2-ci maddəsini qüvvədən salmış olur. Çünki Azər ondan özgəsinin yox, öz pulunu istəyib”, – o qeyd edib.
Daha sonra Azər Qasımlının vəkili Rövşanə Rəhimli Q.Yusifova daxili işlər naziri Vilayət Eyvazova yazdığı məktubla bağlı sual verib. Qurbanəli Yusifov məktubunda Azər Qasımlının onu “dövlətçilik əleyhinə” qaldırmağa cəhd etdiyini yazıb.
“Bu suala da o, çox absurd cavab verdi. Dedi ki, o vaxt variantlar fikirləşib, nəticədə belə bir şey yazıb”, – Samirə Qasımlı deyib.
O əlavə edib ki, Qurbanəli Yusifov bunu deyəndə bütün zal gülüb.
Hakim daha sonra məhkəmə prosesini təxirə salıb.
Samirə Qasımlı daha öncə Toplum TV-yə deyib ki, Qurbanəli Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinməyib.
“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki “bitcoin” almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, “bitcoin”lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir “bitcoin” də yoxa çıxdı”, – o qeyd edib.
Samirə Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb.
Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib.
“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya Azər Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, – Samirə Qasımlı bildirib.
Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.
Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.
Qasımlı həsbinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.
Toplum TV