
Bəşir Süleymanlı
“QHT işi” üzrə həbsdə olan Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, siyasi məhbus Bəşir Süleymanlı məhkəmə proseslərinin ləng aparılmasından və hələ də ona yaxınları ilə acıq görüş verilməməsindən şikayətçidir.
Bəşir Süleymanlının yaxınlarının verdiyi məlumata görə, o, məhkəmə prosesinin məqsədli sürətdə uzadıldığını düşünür:
“Məhkəmə prosesini uzatmaqla məni faktiki qapalı həbsdə saxlamağa davam edirlər. Bir il yarımdır ki, qapalı şəraitdə qalmışam. Hesab edirəm ki, bunu qərəzli şəkildə edirlər. Odur ki, məhkəmə proseslərinin uzadılmasına etiraz edirəm və proseslərin tez keçirilməsini istəyirəm” deyə, Bəşir Süleymanlı bildirib.
Bəşir Süleymanlının sonuncu məhkəmə prosesi iyulun 30-da keçirilib və növbəti məhkəmə prosesi oktyabrın 1-nə təyin olunub.
Ona yaxınları ilə hələ də ancaq qapalı görüş verildiyini deyən hüquq müdafiəçisi açıq görüş verilməməsindən də şikayətçidir:
“Həbs olunandan bu günə kimi, yəni bir il yarımdır ki, övladlarımı görə bilmirəm. Bundan əlavə valideynlərim yaşlı insandılar, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Hər dəfə mənimlə görüşə gəlmək üçün rayondan Bakıya 4-5 saatlıq yol gəlirlər. Amma onlarla görüşə ancaq şüşə axrasından icazə verilir. Onlar yaşlı adam olduqları üçün eşitmələrində problemlər var. Ona görə də qapalı görüşdə ancaq telefon vasitəsi ilə danışırıq. Çox vaxt onlar mənim dediklərimi eşitmirlər”.
Xatırladaq ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ötən il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bəşir Süleymanlı ona qarşı sürülən ittihamları rədd edir.