Cərimə kamerasına salınan Zamin Salayevin aclığa başladığı deyilir

by Gozetci

Zamin Salayev

 

11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlzamin (Zamin) Salayevin cərimə kamerasına (“kars”) salındığı bildirilir.

Bu barədə onun ailə üzvləri məlumat yayıblar.

Yaxınlarının sözlərinə görə, onlar təxminən 10 gün Salayevlə əlaqə saxlaya bilməyiblər. Ailə yalnız iyunun 24-də onun “kars”a yerləşdirildiyini öyrəndiyini deyir.

Fəalın oğlu Oqtay Salayev atasının “kars”a salınmasına etiraz edib. O bildirib ki, Zamin Salayev cərimə kamerasında aclıq aksiyasına başlayıb:

“Atam orada da aclıq aksiyasına başlayıb. Onun səhhətindəki problemlər saymaqla bitməz. İnsanı həbsxanada belə yenidən həbs edirlər”.

Hələlik 11 saylı Cəzaçəkmə Müəssisəsindən və digər aidiyyəti qurumlardan deyilənlərə münasibət almaq mümkün olmayıb. Penitensiar Xidmət isə adətən məhkumlarla qanunvericilik çərçivəsində rəftar edildiyini bildirir.

Salayevin yaxınları bundan əvvəl də onun əsassız və sifariş əsasında cərimə kamerasına salındığını iddia ediblər.

Zamin Salayev 2023-cü il mayın 22-də Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin il fevralın 7-də saxlanılıb. Salayev Cinayət Məcəlləsinin 221.3-cü – silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq maddəsi ilə ittiham olunub.

AXCP fəalı ittihamı qəbul etmir.

AXCP-nin Salyan şöbəsinin sədri olan Zamin Salayev bundan əvvəl də həbsdə olub. O, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 2022-ci il yanvarın 19-da isə Amnistiya Aktı əsasında, cəza müddətinin bitməsinə bir neçə ay qalmış azadlığa buraxılıb.

AbzasMedia

You may also like