Anar Məmmədlinin məhkəməsi növbəti dəfə təxirə salınıb

by Gozetci

Anar Məmmədli


İyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə iclası təxirə salınıb.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutan prosesə Anar Məmmədlinin vəkilləri gəlməyib.

Bildirilib ki, Anar Məmmədlinin vəkili Cavad Cavadov məhkəməyə məktub göndərib. O, səhhətinin pisləşməsi ilə bağlı məhkəməyə məlumat verib və prosesdə iştirak edə bilməyəcəyini deyib.

Anar Məmmədlinin digər vəkili Elçin Sadıqov isə eyni tarixdə Bakı şəhərindən kənarda başqa məhkəmə işində iştirakı ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməni məlumatlandırıb.

Daha sonra hakim bildirib ki, o, Vəkillər Kollegiyasına vəkillərin növbəti məhkəmə prosesində iştirakı ilə bağlı məlumat göndərəcək. Hakim vəkillərin məhkəmədə iştirak etməməsini prosesin süni formada uzadılması kimi qiymətləndirdiyini qeyd edib.

Anar Məmmədli isə söz istəyərək bildirib ki, əksinə o məhkəmənin süni şəkildə uzadılmasını yox, daha ətraflı və məzmunlu keçirilməsini istəyir.

Məmmədli qeyd edib ki, keçən prosesdə sənədlərin yoxlanılması prosesi çox sürətli və səthi həyata keçirilib. Biz isə istəyirik ki, sənədlərin qalan hissəsinin yoxlanılmasında hər bir məsələyə toxunulsun və iş üzrə materiallar daha dəqiq aydınlaşdırılsın.

Məhkəmənin qərarına əsasən, növbəti iclas 24 iyul, saat 10:00-a təyin olunub.

Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.

Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

You may also like