
Ülviyyə Əli və Aysel Umudova
Bir sıra beynəlxalq insan hüquqları və mətbuat azadlığı təşkilatları Azərbaycanda həbsdə olan jurnalistlər Ülviyyə Əli (Quliyeva) və Aysel Umudovaya qarşı baş verən seksual qısnama hallarını qınayıb və hökuməti bu halları araşdırmağa çağırıb.
Müraciətə imza atan təşkilatlar arasında “Amnesty International”, İnsan Hüquqları Evi Fondu, İnsan Hüquqları üçün Beynəlxalq Federasiya, İşgəncəyə qarşı Ümumdünya Təşkilatı, Müstəqil Vəkillər Şəbəkəsi, “Article 19 Europe”, Azərbaycanda Repressiyaya Son Kampaniyası, “Cupidae Legum” Təşəbbüsü və İnsan Hüquqları üçün Beynəlxalq Əməkdaşlıq var.
Müraciətçilər müxtəlif vaxtlarda “Meydan TV işi” üzrə həbs olunmuş Ülviyyə Əli və Aysel Umudovanın ictimailəşdirdiyi, polis tərəfindən seksual qısnama hallarını işıqlandırıblar. Onlar xatırladır ki, Aysel Umudova ötən ilin dekabrında yazdığı məktubda bir il əvvəl saxlanılarkən polis əməkdaşları tərəfindən qısnamaya məruz qaldığını ictimailəşdirib. Ülviyyə Əli isə ötən ilin mayında saxlanılarkən işgəncəyə və zorlanma təhdidlərinə məruz qaldığını bildirib.
Müraciətçilər Avropa Şurasının qəbul etdiyi İstanbul Konvensiyasının 40-cı maddəsinə istinad edərək deyir ki, istənməyən fiziki təmas seksual qısnama olaraq qəbul olunur.
Təşkilatlar vurğulayır ki, “Meydan TV işi” üzrə fevralın 6-da baş tutacaq növbəti məhkəmə prosesi öncəsi bu cür inandırıcı və ardıcıl ittihamlar ciddi narahatlıqlar doğurur.
“Effektiv və müstəqil hər hansı araşdırmanın hələ də aparılmaması Azərbaycanın məhkəmə və istintaq orqanlarının bu cür fundamental hüquqların və insan ləyaqətinin ağır pozuntularına cavab olaraq operativ, məzmunlu və müstəqil hesabatlılıq tədbirləri görmək öhdəliklərini yerinə yetirib-yetirməyəcəyini sual altına alır”, – bəyanatda qeyd olunur.
“A.Umudovanın və Ü.Əlinin işləri Azərbaycanda siyasi motivli təqiblərin daha geniş kontekstində son dərəcə narahatedici bir tendensiyanı göstərir. Bu çərçivədə məhkəməyə qədər həbs və cinsi zorakılıq insan hüquqları müdafiəçilərini və müstəqil qadın jurnalistləri qorxutmaq, susdurmaq və cəzalandırmaq üçün vasitə kimi istifadə olunmuş kimi görünür”, – deyə onlar əlavə edib.
Təşkilatlar Azərbaycan hökumətini bu halları araşdırmağa və jurnalistlərə qarşı təqiblərə son verməyə çağırıblar. Avropa Şurasını, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumları isə bu məsələni Azərbaycan hökuməti ilə təmasda qaldırmağa çağırıblar.
“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument. az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.
Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.
Toplum TV