
Nərgiz Muxtarova
Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti təmsilçilərindən Nərgiz Muxtarovanın işi üzrə məhkəmə istintaqı başlayıb. Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onunla bağlı ittiham aktında yazılanları elan edib.
Qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarova “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla əlbirlikdə ittiham olunur. İddia edilir ki, onlar beynəlxalq donor təşkilatlardan müxtəlif layihələrə görə 150 min manatdan çox maliyyə alıb, həmin vəsaitləri leqallaşdırıblar.
Nərgiz Muxtarovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham verilib.
Nərgiz Muxtarova bu ittihamların heç birini qəbul etmir. Oktyabrın 27-də məhkəmədə prokurorun elan etdiyi ittihama münasibət bildirərkən deyib ki, özünü qətiyyən təqsirli bilmir.
Dekabrın 15-də keçiriləcək növbəti məhkəmə iclasında isə Nərgiz Muxtarova ifadə verəcək.
Şəhla İsmayıl da QHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər arasındadır. Ancaq onun haqqında istintaq hələ yekunlaşmayıb.
Xatırlatma
“QHT işi” üzrə ümumilikdə 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə), ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə həbs olunub.
Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.
Digərləri haqqında isə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.
Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.
“QHT işi” üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.
AzadlıqRadiosu