
Şəmşad Ağa
“Meydan TV işi” üzrə həbsdə olan, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın səhhətindəki problemlərin ağırlaşdığı deyilir.
Bu barədə jurnalistin qardaşı “Meydan TV”yə məlumat verib.
Onun sözlərinə görə, Şəmşad Ağanın öd kisəsində 9-10 millimetr ölçüsündə daş aşkarlanıb. Jurnalistin tez-tez kəskin ağrı tutmalarından əziyyət çəkdiyi bildirilir.
Ailəsinin məlumatına görə, Şəmşad Ağa həkim müayinəsindən keçirilib və öd kisəsindəki daşın cərrahi müdaxilə ilə çıxarılmasının zəruri olduğu bildirilib.
Jurnalistin qardaşı deyib ki, Penitensiar Xidmətin müalicə müəssisəsində əməliyyatın yalnız ailənin vəsaiti hesabına həyata keçirilə biləcəyi bildirilib.
“Qardaşım Şəmşad Ağanın sağlamlıq vəziyyətindən ciddi narahatıq. Əməliyyatın gecikdirilməməsini istəyirik”, – o bildirib.
Şəmşad Ağa səhhətində yaranan problemlərlə əlaqədar oktyabrın 13-də Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülmüşdü.
Şəmşad Ağa 2025-ci il fevralın 5-də “Meydan TV işi” üzrə həbs olunub.
Bu iş üzrə ümumilikdə 12 nəfər həbs edilib. Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə cinayət əməlində ittiham olunurlar.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmirlər və peşə fəaliyyətlərinə görə həbs edildiklərini deyirlər.
Toplum TV