
Bəşir Süleymanlı
Mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlının cinayət işi ürə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Vüqur Seyidovun sədrliyi ilə keçirilən proses şahid dindirilməsi ilə davam etdirilib.
Şahid qismində dindirilən Könül Cəlilli bildirib ki, Bəşir Süleymanlının dəvəti ilə Bərdə şəhərində qazi və şəhid ailələrindən olan qadınlara kompüter programları üzrə dərslər tədris edib. kursların 3-4 ay davam etdiyini deyən şahid qeyd edib ki, o, bu prosesdə əmək müqaviləsi əsasında əməkdaşlıq edib, ona əməkhaqqı ödənilib.
Növbəti məhkəmə prosesi iyunun 18-i, saat 11:00-a təyin edilib.
Xatırladaq ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ötən il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bəşir Süleymanlı ona qarşı sürülən ittihamları rədd edir.