
Mənsur Vəlişov
Bu barədə fəalın həyat yoldaşı Aytac Vəlişova məlumat verib.
Onun sözlərinə görə, Mənsur Vəlişov aprelin 25-də saxlanıldığı Umbakı Penitensiar Kompleksindən Lənkəran rayonundakı həbsxanaya köçürülməli idi. Lakin həmin vaxtdan həyat yoldaşı ilə əlaqə saxlaya bilmir.
“Mənsur demişdi ki, bazar ertəsinə qədər ondan xəbər çıxmasa, ölüm aclığına başlayacaq. Dəfələrlə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə zəng etmişəm. Mənə deyirlər ki, Mənsurun hazırda harada saxlanılması haqqında məlumat verə bilməzlər”, – o deyib.
Mənsur Vəlişov daha öncə həyat yoldaşı ilə telefon danışığında şərləndiyini düşündüyünü bildirib. O, bu və digər tələblərlə bağlı aclıq aksiyasına başlayacağını deyib.
“O da digər məhbuslar kimi açıq havada gəzməli, ailəsi ilə görüş günləri almalıdır, digər məhbuslara necə verilirsə, ona da elə verilməlidir. Bizə isə cəmi 6 aydan bir görüş verirdilər və o da qapalı şəraitdə olurdu. Övladım belə atasını rahat görə bilmirdi”, – Aytac Vəlişova qeyd edib.
Məsələ ilə bağlı aidiyyəti qurumlardan münasibət öyrənmək mümkün olmayıp.
Mənsur Vəlişov 2023-cü ilin martında narkotik ittihamı ilə həbs olunub. O, 6 il azadlıqdan məhrum edilib. M.Vəlişov özünü təqsirli bilmir, narkotik ittihamının saxta olduğunu bildirir.
Həmin dövrdə Azərbaycanla İran arasında münasibətlərin pisləşməsi fonunda ölkədə yüzlərlə inanclı fəal saxlanılıb, onlarla fəala narkotik ittihamı ilə həbs cəzası verilib.
“Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq”ın ölkədə siyasi məhbus sayılan şəxslərin yanvar ayına olan siyahısında 192 inanclı fəal yer alıb. Siyasi məhbus hesab olunan şəxslərin ümumi sayı isə 340-dır.
Toplum TV