
Ayxan İsrafilov
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada onun vəziyyəti daha da çətinləşib
Bu haqda Meydan TV-yə “İşçi Masa”sından məlumat veriblər.
Ayxan İsrafilov bildirib ki, barakdakı vəziyyəti ictimailəşdirəndən sonra ona qarşı təzyiqlər artıb:
“Bir neçə gün əvvəl paylaşdığım yazı problemi nəinki həll etmədi, hətta elə bir vəziyyət yarandı ki, sanki cəlladlarıma yazdığım məktubdan xəbər tutublar. Hiss edirəm ki, təzyiqlər artıb. Mənimlə ünsiyyət saxlayan az sayda insanlar daha da azalıb və yalnız “salam”, “sağ ol”la kifayətlənirlər. Sonuncu dəfə bu cür izolyasiyanı uşaqlıq illərində yaşamışdım. İkinci və ya üçüncü sinifdə oxuyurdum. Evdə pul yox idi ki, saçımı qırxdırım. Saçım uzun idi. Bir dəfə müəllim buna görə məni ayağa qaldırıb danladı. Sonra bütün sinfə dedi ki, guya saçımda bit var. Heç kəs mənə yaxın gəlmirdi. Başda Penitensiar Xidmət olmaqla bütün ölkə hökumətinə “minnətdaram” ki, uşaqlıq travmalarımı unutdurmur. Əgər qısa zamanda müəssisə rəhbərliyi bu problemi həll etməsə, mən özüm həll edəcəyəm, özü də qəti şəkildə. Məndən keçdi” – Ayxan İsrafilov məktubunda deyir.
Ayxan İsrafilov martın 17-də bildirmişdi ki, barakda ona qarşı sosial izolyasiya var.
Ayxan İsrafilov 2023-cü il avqustun 11-də narkotik maddələrin əldə etmə, daşıma maddəsi ilə ittiham olunaraq həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu ittihamla ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.