
Bəşir Süleymanlıya
Bakı İstintaqTəcridxanasında saxlanılan Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlıya qarşı saxlandığı təcridxanada təzyiqlər edilir.
Bu haqda Bəşir Süleymanlının yaxınları bildirib.
Məlumata görə, Bəşir Süleymanlının saxlanıldığı kameraya məqsədli şəkildə bir məhkum salınıb. Həmin məhkumun davranışları normal deyil, psixi problemləri olduğu güman edilir və həmin şəxs müxtəlif dərmanlar qəbul edir.
Bəşir Süleymanlı həmin məhkumun məqsədli şəkildə və ona təzyiq üçün onun saxlandığı kameraya gətirildiyini və hər an təxribatla üzləşə biləcəyini ehtimal edir.
Təzyiqlərin səbəbi isə onun ictimai fəaliyyətinə görə həbs edilməsi və siyasi məhbus olmasıdır.
Bəşir Süleymanlı bəyan edib ki, o, saxlandığı təcridxanada hər an təxribatla üzləşə bilələr.
Bəşir Süleymanlının yaxınları ilə zənglərə də məhdudiyyət qoyulub. Belə ki, ötən bazar günü Bəşir Süleymanlının zəng günü olsa da, ona bu şərait yaradılmayıb. Bu da təzyiqlərin bir tərkibi olduğu güman edilir.
Bəşir Süleymanlı mətbuat vasitəsi ilə ona edilən təzyiqlərə və ehtimal edilən təxribatlara görə, ölkə ictimaiyyətinə, Ombudsmana, Avropa İttifaqının Bakı nümayəndəliyinə, xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edərək məsələni diqqətdə saxlamağı xahiş edib.
Xatırladaq ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ötən il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bəşir Süleymanlı ona qarşı sürülən ittihamları rədd edir.