Ali Məhkəmə Möhyəddin Orucovun kassasiya şikayətini təmin etməyib

by Gozetci

Möhyəddin Orucov

 

Yanvarın 27-də Ali Məhkəmədə “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov barəsində çıxarılmış hökmə verilən kassasiya şikayəti üzrə baxış keçirilib.

“APA”nın məlumatına görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda Orucovun vəkili Nazim Musayev müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. Lakin məhkəmə kassasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs olunub. Azadlığa buraxıldıqdan qısa müddət sonra, 2023-cü il dekabrın 13-də yenidən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Orucov ittihamı qəbul etməyib, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Orucov məhkəmədə ifadəsində deyib ki, anbardar işlədiyi “ATEF” Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması ilə bağlı şikayətləri qaldırdığı üçün əvvəlcə inzibati qaydada həbs edilib. Onun sözlərinə görə, azadlığa buraxıldıqdan sonra Suraxanı rayonundakı 32-ci polis bölməsində baş verənlərlə bağlı müsahibə verməsi və ardınca şirkət rəhbərliyi ilə polisin iş birliyi nəticəsində yenidən həbs olunması ilə üzləşib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Orucova qarşı ittihamı qismən yüngülləşdirərək ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

AbzasMedia

You may also like