
Əli Kərimli
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün verdiyi şikayətə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib.
AXCP sədrinin müavini Seymur Həzi bildirib ki, bu qərar onlar üçün gözlənilməz olmayıb. Onun sözlərinə görə, məhkəmə binası polis nəzarəti altında olub və məhkəmə qarşısına yalnız az sayda şəxsin buraxılmasına imkan verilib.
“Yalnız bir neçə nəfərimizi məhkəmənin qarşısına buraxdılar. Bu münasibət özü göstərir ki, işin əvvəlindən qərəz var, siyasi sifarişdir. Əli Kərimli ifadə verməməkdə və ittihamları rədd etməkdə davam edir”, – Seymur Həzi deyib.
Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Partiya sədrinin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə açılan cinayət işi çərçivəsində həbs edildiyi bildirilir.
AbzasMedia