
Tərlan Sayadov
Bu barədə Müsəlman Birliyi Hərəkatı “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
Birliyin bəyanatında deyilir ki, Sayadov dekabrın 10-da telefonla danışıq zamanı ailəsinə məlumat verə bilib. O, inancına görə hədəf alındığını, elə buna görə də noyabrın 28-də Umbakı Qapalı Həbsxanasına köçürülən gün döyülüb, “karserə” salındığını deyib.
Sayadovun karserə düşməsinə səbəb namaz qılması üçün səccadə tələb etməsinin olduğu bildirilir.
“Burada ətraf natəmiz olduğuna görə namaz qılmaq üçün səccadə istədim. Umbakıya gələndə öz səccadəmi də götürmüşdüm. Amma karantin otağında onu görmədim. Sonra nəzarətçiyə dedim ki, natəmiz yerdə namaz qıla bilmərəm. Onlar da kobud reaksiya göstərdilər. Ardınca bir neçə müəssisə əməkdaşı gəlib məni daxili qaydaları pozmaqda, əməkdaşla kobud davranmaqda ittiham etdilər. Və 12 günlük karserə salınacağımı dedilər”, – deyə Sayadov məlumatında bildirib.
Tərlan Sayadov 2025-ci il iyulun 23-də narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Noyabrın 4-də Sayadov 13 saylı Cəzaçəkmə Müəssisəsindən “daxili qaydaları pozmaqda” ittiham edilərək 6 ay müddətinə qapalı rejimli Umbakı həbsxanasına köçürülüb.
Meydan TV