Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan proses ölkədə olmayan şahidlərin onlayn dindirilməsi ilə davam edib.
Şahid qismində ifadə verən III Respublika Platformasının qurucu heyət üzvü Araz Əliyev bildirib ki, 2023-cü ilin dekabrında inzibati qaydada həbs olunarkən müsadirə olunan texniki avadanlıqlar hələ də qaytarılmayıb və Daxili İşlər Nazirliyindən (DİN) bu barədə izahat verilməyib.
Daha sonra təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Ramil Babayev istintaq müddətində qanunsuzluqlara yol vermiş polis və prokurorluq əməkdaşlarının məsuliyyətə cəlb olunması üçün vəsatət verib. Digər təqsirləndirilən şəxs, İDİ rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov da vəsatəti dəstəkləyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirilən şəxslərdən “Toplum TV” həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli isə cərrahi əməliyyat olunmaqdan ötrü növbəti dəfə ev dustaqlığına buraxılmaq üçün vəsatət verib.
O, vəsatəti belə əsaslandırıb ki, artıq ölkədə olan şahidlərin hamısı dindirilib və dövlət ittihamçısının əvvəllər iddia etdiyi kimi onun şahidlərə təsir etmək imkanı yoxdur.
Dövlət ittihamçısı Rauf Malışov isə vəsatətə etiraz edərək deyib ki, Ələsgər Məmmədli bu dəfə hakimə təsir edə bilər. Məhkəmə bu vəsatəti də təmin etməyib.
Ələgər Məmmədli hakimə bildirib ki, indiyədək ev dustaqlığına buraxılması üçün 10 dəfə vəsatət verib və hər dəfə vəsatətləri hüquqi əsaslandırması tələb olunub, təqsirləndirilən şəxsin hakimə təsir edəcəyini deyən prokurordan isə belə bir əsaslandırma tələb olunmur.
Hakim Azər Tağıyev vəsatətin təmin edilmədiyini elan etdikdən sonra təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli hakimdən niyə aqressiv olduğunu soruşub. Hakim isə bunu inkar edib.
“Yox, deyəsən, siz bizi buraxmaq istəyirdiniz, sizə müşavirədə zəng gəldi deyə buraxa bilmirsiniz, ona görə acıqlısınız”, – Ruslan İzzətli zarafatla deyib.
Ruslan İzzətli çıxışında bildirib ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində “təzyiqölçən belə yoxdur”.
“Ultrasəs müayinəsi (USM) aparatı isə olsa da, həkim yoxdur. 4 mindən çox məhbusun olduğu yerdən söhbət gedir. Biz dəfələrlə bu məsələni qaldırsaq da, şikayətimiz təmin olunmur”, – o qeyd edib.
Növbəti proses dekabrın 29-a təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV
