
Rüfət Səfərov
Dekabrın 8-də hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda zərərçəkmiş şəxs qismində Natiq İmamquliyev dindirilib. O bildirib ki, torpaq sahəsi almaq məqsədilə Rüfət Səfərova 60 min manat verib, lakin nə torpaq satılıb, nə də pul geri qaytarılıb.
İmamquliyevin sözlərinə görə, sonuncu dəfə ötən il dekabrın 3-də Səfərovdan pulunu geri istəyəndə aralarında mübahisə yaranıb və həmin vaxt xəsarət alıb. Zərərçəkmiş pulu Tibb Universitetinin yanında verdiyini iddia edib.
Müdafiə tərəfi İmamquliyevin istifadə etdiyi telefon nömrəsinə dair anten məlumatlarını araşdırdıqlarını bildirərək ona suallar ünvanlayıb. Vəkillərin sorğularına əsasən, Rüfət Səfərovun saxlanmasında iştirak edən polislərdən üçü ilə Natiq İmamquliyev arasında əlaqə mövcud olub. Müdafiəçilər iddia ediblər ki, anten məlumatları hüquq müdafiəçisinin həbsindən əvvəl tərəflərin telefon əlaqəsinə çıxdığını göstərir.
Müdafiə tərəfi eyni zamanda anten məlumatlarının İmamquliyevin bir neçə dəfə Səfərovun yaşadığı evin yaxınlığında olduğunu göstərdiyini də qeyd edib. Bu məqamlarla bağlı izahat verməsi istənilən zərərçəkmiş isə məsələni xatırlamadığını, suallara cavab vermək istəmədiyini söyləyib. O, həmçinin oxuyub-yazmaq qabiliyyətinin olmadığını bildirib.
Rüfət Səfərov isə məhkəmədə Natiq İmamquliyevi tanımadığını və həbs olunması üçün “sifarişli seçildiyini” deyib. Hüquq müdafiəçisi aylardır davam edən prosesdən ədalət gözləmədiyini bildirib və ölkədə ədalətli məhkəmənin mümkünlüyünə inanmadığını vurğulayıb.
Səfərov məhkəmədə hakimiyyətə yönəlik sərt ifadələr də işlədib: “Görün, bu hökumət nə vəziyyətdədir ki, anlaqsız, tərbiyəsiz birinin xidmətinə möhtac qalıb. Məni həbs etmək üçün belə birini işə qoşmaq mənim özümə qarşı da hörmətsizlikdir. Bura onsuz da məhkəmə deyil, nə qərar verirsinizsə-verin, bu tamaşanı sürdürməyin. Mənim məhkəmə adına sizə də yazığım gəlir. Ayıbdır…”
Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə (xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurma) ittiham olunur.
Hüquq müdafiəçisi həbsinin səbəbini ABŞ-də insan hüquqları sahəsində aldığı mükafatla əlaqələndirir. Hüquq müdafiə təşkilatlarının son hesabatlarına görə, Azərbaycanda hazırda 400-ə qədər çox siyasi məhbus var. Hakimiyyət isə ölkədə siyasi baxışlara görə təqib olmadığını bildirir.
AbzasMedia