Bir ildir həbsdə olan MeydanTV əməkdaşlarının məhkəməsi başlanır. Onlar yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılacaqlar.
MeydanTV ilə bağlı cinayət işinin materialları bir neçə gündür məhkəməyə göndərilib. Həbsdə olan 12 jurnalistin işinə Aytən Əliyevanın sədrliyi ilə, Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası baxacaq.
Bu barədə AzadlıqRadiosuna jurnalistlərin vəkilləri məlumat verib.
MeydanTV-nin əməkdaşları – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub.
Bu cinayət işi üzrə fevralda daha üç jurnalist – Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı saxlanılıb.
Mayda jurnalist Ülviyyə Quliyeva (Əli), ardından fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs edildilər.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
4
