
Afiəddin Məmmədov və Samir Aşurov
2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi fəal Samir Aşurova tənbeh verildiyi, işçi hüquqları fəalı Afiəddin Məmmədovun isə cərimə kamerasına (“kars”) salındığı bildirilir.
Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurovanın “Toplum TV”-yə verdiyi məlumata görə, müəssisə rəhbərliyinin cəzası həyat yoldaşının bu yaxınlarda Siyasi Məhbusların Müdafiə Komitəsini yaradan 6 fəaldan biri olmasına görədir.
Afiəddin Məmmədovun yaxınları isə bildirib ki, fəal “kars”a salınması barədə müəssisədən məlumat göndərib və “ona qarşı təxribat hazırlandığını” iddia edib.
Afiəddin Məmmədov daha əvvəl müəssisə rəhbərliyinin komitə təşkilatçılarından Samir Aşurov və Mehman Əliyevi çağıraraq onlara hədə-qorxu gəldiyini xəbər verib.
O bildirib ki, “siyasi məhbus”lara qarşı hər hansı provokasiya baş verərsə, buna görə ədliyyə naziri Fərid Əhmədov və Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov məsuliyyət daşıyır.
Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.
O, Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham olunur.
Xatırlatma
Afiəddin Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz aksiyası zamanı saxlanılmış və 30 sutka inzibati həbs edilmişdi.
Bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Afiəddin Məmmədov ittihamı qəbul etmir və hüquq müdafiəsi fəaliyyətinə görə cəzalandırıldığını bildirir.
2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan Samir Aşurov 20 gün sonra polis tərəfindən saxlanılıb. O, bir şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.
2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələri ilə təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.
Fəal ittihamları rədd edir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Toplum TV