
Bəxtiyar Hacıyev
İctimai fəal Bəxtiyar Hacıyevin üç gündür ki, saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (kars) salındığı və aclıq aksiyası keçirdiyi bildirilir.
Bununla bağlı bu gün, noyabrın 25-də onun qardaşı Vüqar Hacıyev məlumat yayıb. Onun vurğuladığına görə, noyabrın 23-24-də Ədliyyə Nazirliyinin qaynar xəttinə, Mətbuat xidmətinin rəhbərinə, Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbərinə, Ombudsman Aparatına müraciət edib: “Lakin müsbət bir addım atılmayıb”.
Bundan əvvəl də ictimai fəalın yaxınları rəsmi qurumlara müraciət edərək Bəxtiyar Hacıyevin həbsdə hüquqlarının pozulduğunu bildirmişdilər.
Bütün bu deyilənlərə Ədliyyə Nazirliyi və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, onlar heç bir məhbusa ayrıseçkilik etmir və onlarla qanun çərçivəsində davranırlar.
Xatırlatma
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs edilərkən, ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə sayqısızlıq) maddələriylə ittiham verilib. İstintaqın gedişində Bəxtiyar Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.
Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi Bəxtiyar Hacıyevə 10 il həbs cəzası kəsib, onun mənzilinin və bank hesabındakı vəsaitin müsadirəsinə qərar verib. Bəxtiyra Hacıyev özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.
Daxili İşlər Nazirliyi bu iddianı təkzib edib.
AzadlıqRadiosu