Bəşir Süleymanlı: ‘Mən heç bir cinayət törətməmişəm’

by Gozetci

Bəşir Süleymanlı

 

Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı cinayət işi üzrə həbsdə olan ictimai fəallardan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlının məhkəməsi başlanıb. Oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmədə Bəşir Süleymanlının vəkili Elçin Sadıqov hüquqlarını qoruduğu şəxsin yanında əyləşməsi barədə vəsatət qaldırıb. Vəsatətini əsaslandıran vəkil bildirib ki, müvəkkiliylə vaxtaşırı məsləhətləşdiyindən onun yanında əyləşməsi məqsədəuyğun olardı. Məhkəmə vəsatəti təmin edib.

Bəşir Süleymanlının özü isə haqqındakı cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb və cinayət işinin tam əsassız olduğunu vurğulayıb:

“Mən heç bir cinayət törətməmişəm. Amerika və Britaniyadan vəsaitlər alınıb. Bütün bunlar da tam qanuni formada olub. Hamısı da kart hesabına köçürülüb. Qeyri-qanuni heç nə olmayıb”.

Vəkil Elçin Sadıqov da müvəkkili haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Müdafiəçi vəsatət verib ki, əgər işə xitam verilməsə, heç olmasa, Bəşir Süleymanlı hökm çıxarılanadək ev dustaqlığına buraxılsın.

Elçin Sadıqov yada salıb ki, Bəşir Süleymanlı 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunanda da onun haqqında həbs-qətimkan tədbiri seçilməyib və o, bütün məhkəmə iclaslarına vaxtında qatılıb: 

“Prosesdən yayınmırdı. Yaşayış yeri məlumdur. Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur”.

Prokuror ictimai fəal haqqında cinayət işinə xitam verilməsinə də, onun ev dustaqlığına buraxılmasına da etirazını bildirib. O deyib ki, Bəşir Süleymanlı ağır cinayətdə suçlanır, onun haqqında həbs-qətimkan tədbirini dəyişmək olmaz. Məhkəmə hələ indi başlandığından işə xitam verilib-verilməməsinə araşdırmalardan sonra qərar verilə bilər.

Vüqar Seyidovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Cinayət işi məhkəmə baxışına verilib və proses oktyabrın 23-nə təyin olunub.

“QHT işi” üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarından oktyabrın 8-də “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Qalib Bayramovun (Toğrul) da məhkəməsi başlanıb. Oktyabrın 13-də isə qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarova hakim önünə çıxarılacaq.

Təqsirləndirilən ictimai fəallara qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər.

Baş Prokurorluğun İstintaq İdarəsində “QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlanıb. Həmin vaxt Bəşir Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da həbs olunub. Apreldə daha üç nəfər – ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.

Vətəndaş cəmiyyətinin xeyli sayda fəalı təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq dövrü üçün onlar haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.

Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

Məhkəməsi başlananlardan Qalib Bayramov hazırda ev dustaqlığında olan iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır.

Nərgiz Muxtarova isə AzadlıqRadiosunun hazırda 9 il həbs cəzası çəkən jurnalisti, iqtisadçı Fərid Mehralızadənin həyat yoldaşıdır.

Xatırlatma

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi 2014-cü ilin yayında başlanıb, ardından da ölkədə bir sıra təşkilat başçıları həbs edilib. Onların arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov da olub. Adları çəkilən şəxslərin hamısına münasibətdə Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadankənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.

Təşkilat rəhbərlərinin həbsinin ardından ölkədə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə xeyli əlavə və dəyişiklik edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası həmin dəyişiklikləri tənqid edərək təşkilatların fəaliyyətini məhdudlaşdırmağa hesablandığını vurğulayıb.

AzadlıqRadiosu

You may also like