Baş Prokurorluğun İstintaq İdarəsində aparılan yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə bir neçə vətəndaş cəmiyyəti fəalının işi məhkəməyə göndərilib. Yaxın günlərdə onların məhkəmə qarşısına çıxacağı gözlənilir.
“Azadlıq Radiosu”nun məlumatına görə, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və Nərgiz Muxtarovanın işləri üzrə istintaq yekunlaşıb. Onların cinayət işləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub.
Hazırda Bəşir Süleymanlı həbsdə saxlanılır, digər iki nəfər haqqında isə istintaq dövründə alternativ qətimkan tədbiri seçilib. Oktyabrın 8-də Qalib Bayramovun, oktyabrın 9-da Bəşir Süleymanlının, oktyabrın 13-də isə Nərgiz Muxtarovanın işi üzrə hazırlıq iclasları təyin olunub.
Təqsirləndirilənlərə Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlar 12 ilədək həbs cəzası nəzərdə tutur. Onlar ittihamları qəbul etmirlər.
AbzasMedia
8