“Müdafiə Xətti” insan haqları təşkilatı 2026-cı ilin sentyabrında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb.
Təşkilat hesabatında ötən ay ərzində siyasi motivli hesab etdiyi həbslər, məhkəmə prosesləri, həbsxanalardakı saxlanma şəraiti, media və rəqəmsal azadlıqlarla bağlı problemlərin davam etdiyini bildirib.
Hesabatda sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədlini 13, onunla eyni iş üzrə mühakimə olunan Anar Abdullayevi isə 12 il müddətinə azadlıqdan məhrum etməsi xatırladılıb.
“Müdafiə Xətti” “Meydan TV işi” üzrə məhkəmə proseslərinin də sentyabrda davam etdiyini qeyd edib. Təşkilatın məlumatına görə, sentyabrın 16-da keçirilən prosesdə jurnalist Şəmşad Ağa cinayət işinin saxta ittihamlar üzərində qurulduğunu deyib.
Hesabatda “Toplum TV işi” üzrə sentyabrın 21-də keçirilən apellyasiya prosesinə də yer verilib. Bildirilir ki, müdafiə tərəfinin məhkəmə tərkibi və bəzi sübutların iş materiallarından çıxarılması ilə bağlı vəsatətləri təmin edilməyib.
“Müdafiə Xətti” prosesə sədrlik edən hakim Zəfər Əhmədovun məhkəmədə vətəndaşların iştirakını məhdudlaşdırdığını, təqsirləndirilən şəxslərin müdafiə hüququndan istifadəsinə maneələr yaratdığını və üç nəfəri məhkəmə zalından çıxardığını bildirib.
Təşkilat sentyabrın 25-də siyasi məhbus kimi tanınan tədqiqatçı Bəhruz Səmədovun kassasiya şikayətini Ali Məhkəmənin təmin etmədiyini də qeyd edib. Hesabatda bildirilir ki, Səmədov proses zamanı saxlanma şəraitinə etiraz olaraq özünə xəsarət yetirib.
Sentyabr ərzində Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadənin övladları ilə bağlı cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində proseslərin davam etdiyi də hesabatda qeyd olunur.
Təşkilat Ukraynada saxlanılan AXCP fəalı Bəhruz Həsənlinin Azərbaycana ekstradisiyası ilə bağlı prosedurların davam etdiyini bildirib. Hesabatda beynəlxalq hüquq müdafiəçilərinə istinadla onun Azərbaycana qaytarılacağı halda işgəncə və pis rəftar riski ilə üzləşə biləcəyi qeyd olunur.
“Müdafiə Xətti” sentyabrda keçmiş siyasi məhbus Abgül Süleymanov və AXCP fəalı Zamin Salayevin də inzibati qaydada 30 sutka həbs edildiyini yazıb. Təşkilat Salayevin saxlanılarkən qeyri-insani rəftara məruz qaldığını iddia edir.
Həbsxanalardakı şəraitlə bağlı şikayətlər
Hesabatın ayrıca bölməsi həbs yerlərində saxlanma şəraitinə həsr olunub.
“Müdafiə Xətti” “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aytac Tapdığın səhhəti ilə bağlı problemlərin davam etdiyini bildirib. Təşkilat onun LOR müayinəsi, MRT və KT müayinələrindən keçirilmədiyini və bunun səhhətinə mənfi təsir göstərdiyini qeyd edib.
Hesabatda məhbusların içməli su, havalandırma və tibbi xidmətlə bağlı şikayətlərinə də yer verilib. Təşkilat belə şikayətlər edən məhbusların bəzi hallarda intizam cəzaları və cərimə kamerası ilə üzləşdiyini bildirir.
“Müdafiə Xətti” siyasi məhbus kimi tanıdığı Əsgər Məmmədovun 10 saylı Cəzaçəkmə Müəssisəsində, Zamin Salayevin isə Salyan Rayon Polis İdarəsinin təcridxanasında aclıq aksiyası keçirdiyini qeyd edib.
Media və rəqəmsal hüquqlar
Hesabatda sentyabrın 22-də “Human Rights Foundation” və Müstəqil Vəkillər Şəbəkəsinin Azərbaycanla bağlı birgə bəyanatı da xatırladılır.
Bəyanatda Azərbaycanda müstəqil səslərə və rəqəmsal məkana nəzarətin gücləndiyi bildirilir. Təşkilatlar avqustda qanunvericiliyə edilən dəyişikliklərdən sonra sosial şəbəkələrdə fəallar və müstəqil jurnalistlərə qarşı filtrləmə və bloklama hallarının artdığını bildiriblər.
Beynəlxalq təşkilatlardan çağırışlar
“Müdafiə Xətti” sentyabr ərzində Azərbaycanla bağlı bir sıra beynəlxalq reaksiyaların da olduğunu qeyd edib.
Sentyabrın 30-da “Raoul Wallenberg Centre for Human Rights” jurnalist Aytac Tapdığın təcili tibbi müayinədən və müalicədən keçirilməsinə, həmçinin azad edilməsinə çağırıb.
Hesabatda “Human Rights Foundation”, “Amnesty International” və “Raoul Wallenberg Centre for Human Rights” kimi təşkilatların da sentyabrda Azərbaycan hakimiyyətini siyasi motivli hesab etdikləri həbslərə son qoymağa, Anar Məmmədli, “Toplum TV” və “Meydan TV” işləri üzrə həbsdə olan şəxsləri azad etməyə çağırdıqları bildirilir.
Azərbaycan hakimiyyəti ölkədə insanların siyasi baxışlarına və jurnalist fəaliyyətinə görə təqib olunması ilə bağlı ittihamları, bir qayda olaraq, qəbul etmir və cinayət təqiblərinin konkret hüquq pozuntuları ilə bağlı olduğunu bildirir.
AbzasMedia
