Nazim Bəydəmirli hüquqlarının məhdudlaşdırıldığını bildirir

by Gozetci

Nazim Bəydəmirli

 

Həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli ədliyyə nazirinə müraciət edərək hüquqlarının əsassız olaraq məhdudlaşdırıldığını bildirib.

“Videogörüntülərin bərpa edilməsi ilə bağlı müraciətlərimə müsbət cavab verilmir, həyat yoldaşıma baş etibarnamənin rəsmləşdirilməsi mümkün olmur, həmçinin lazımi tibbi yardımla və həkimlə təmin olunmuram”, – o şikayətlənib.

Keçmiş deputat əlavə edib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsindən 6 saylı Cəzaçəkmə Müəssisəsinə etap olunduğu gündən (5 aydır karantində saxlanıldığını bildirir) videogörüntü hüququndan məhrum edilib.

Nazim Bəydəmirli bildirib ki, bu problemlərlə bağlı xanımı Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun və Baş Tibb İdarəsinin rəisi Cəmil Kamillinin qəbulunda olub, amma indiyədək heç bir tədbir görülməyib.

Müraciətə sözügedən rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Amma bundan əvvəl Penitensiar Xidmətdən oxşar şikayətlərə cavab olaraq bildirilmişdi ki, cəzaçəkmə müəssisələrində məhbuslar üçün qanunvericilikdə nəzərdə tutulan bütün zəruri imkanlar yaradılır.

Nazim Bəydəmirli 2023-cü ilin iyulundan həbsdədir. O, hədə-qorxu ilə əmlak tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum olunub. Keçmiş deputat ittihamları “uydurma” adlandırır.

AzadlıqRadiosu

You may also like