“Human Rights Watch” Azərbaycan hakimiyyətini Rüfət Səfərovu azad etməyə çağırır

by Gozetci

Rüfət Səfərov

 

“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovu azad etməyə çağırıb.

Təşkilat yayımladığı bəyanatda bildirib ki, Rüfət Səfərovun iyunun 12-də 8 il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycanda “artıq ciddi şəkildə məhdudlaşdırılmış vətəndaş cəmiyyəti məkanına vurulan növbəti zərbədir”.

Bəyanatda xatırladılır ki, Rüfət Səfərov 2024-cü ilin dekabrında ABŞ-nin Bakıdakı səfirliyindən viza götürdüyü gün həbs edilib. O, həmin viza ilə ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”nı almaq üçün Vaşinqtona səfər edəcəkdi.

“Rüfət Səfərovun mühüm beynəlxalq insan hüquqları mükafatını almağa hazırlaşdığı ərəfədə həbs edilməsi bu işin onun insan hüquqları sahəsində fəaliyyətinə görə qisas xarakteri daşıdığına dair ciddi əsaslar yaradır. Onun cinayət təqibi Azərbaycanda jurnalistləri, fəalları, müxalifət nümayəndələrini və insan hüquqları müdafiəçilərini susdurmaq məqsədilə saxta və ya siyasi motivli ittihamlardan istifadə olunması ilə xarakterizə olunan daha geniş tendensiyaya uyğun gəlir.

Azərbaycan hakimiyyəti Rüfət Səfərovu dərhal və qeyd-şərtsiz azad etməli, ona qarşı çıxarılmış hökmü ləğv etməli və siyasi motivli bütün ittihamları geri götürməlidir. Azərbaycanın beynəlxalq tərəfdaşları isə hökumətə vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə son qoymaq və hüquqlarından istifadə etdiklərinə görə saxlanılan bütün şəxsləri azad etmək üçün təzyiq göstərməlidirlər”, – təşkilat qeyd edib.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsə torpaq satmaq adı ilə ondan 60 min manat pul alıb, lakin sonradan torpağı satmayıb, buna görə də N.İmanquliyev R.Səfərovun yaşadığı mənzilin qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib.

Rüfət Səfərov ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, “Müdafiə Xətti” insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstərirdi.

Toplum TV 

You may also like