
Polad Aslanov
“Xeberman” saytının həbsdə olan rəhbəri Polad Aslanovun ailə üzvləri ilə görüşünə icazə verilmədiyi və telefon danışığı hüququnun məhdudlaşdırıldığı bildirilir. Bu barədə məlumatı jurnalistin xanımı Gülmirə Aslanova yayıb.
Onun sözlərinə görə, Polad Aslanov işgəncə şikayəti ilə bağlı Səbail rayon Məhkəməsində təyin olunmuş prosesə görə 15 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Gülmirə Aslanova əlavə edib ki, aprelin 20-də əri ilə cəmi 5 dəqiqəlik telefon danışığı baş tutub, halbuki qanunvericiliklə həftədə iki dəfə, hər biri 15 dəqiqə olmaqla danışıq hüququ var. O, məsələ ilə bağlı Ombudsman Aparatı və Penitensiar Xidmətin “qaynar xətt”inə müraciət etdiyini vurğulayıb.
Polad Aslanovun cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması ilə bağlı şikayətinə aprelin 23-də baxılacağı gözlənilir.
Hələlik xanımının açıqlamasına cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Polad Aslanovun ötən ilin yayında ayrıseçkiliyə məruz qalması səbəbindən aclıq aksiyasına başladığı açıqlanmışdı. Xanımının vurğulamasına görə, jurnalist Penitensiar Xidmətin rəis müavini Fikrət Qafarovla görüşdən sonra aksiyanı dayandırıb. Gülmirə Aslanova əlavə edib ki, həmin görüşdə ərinə tibbi müayinələrin aparılacağı və digər məsələlərlə bağlı vədlər verilib.
AzadlıqRadiosu