“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci

 

Dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsi davam edib.

Müdafiə tərəfi şahid qismində çıxış edən, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) təlimlərində iştirak etmiş Əli Fətullayevin ibtidai istintaqa ifadələrində ziddiyyətlər olduğunu bildirib.

Qeyd olunub ki, Əli Fətullayev istintaqa iki dəfə ifadə verib. Bunların birincisində o, İDİ-nin maliyyələşməsi haqqında heç bir məlumatının olmadığını, lakin ikincisində İDİ-də çalışan şəxslərə istinadən donor təşkilatlardan qrantlar əsasında maliyyələşdiyini deyib.

Təqsirləndirilən şəxslərin şahidə sualları əsasında məlum olub ki, o, ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsinə müsadirə olunmuş telefonunu götürmək üçün gedib. Lakin ona yalnız yenidən ifadə verəcəyi halda telefonunun qaytarılacağı bildirilib. Müdafiə tərəfi bunun polis tərəfindən təzyiq olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Digər şahid qismində dindirilən Nigar Nəcəfova ifadəsində polis tərəfindən istintaqa dəvət olunduğunu deyib. Müdafiə tərəfi bunun yanlış olduğunu, ofisdə reyd keçirildiyini və ofisdə olan hər kəsin zorla polis idarəsinə aparıldığını bildirib.

Nigar Nəcəfovanın istintaqa ifadəsində həm də təqsirləndirilən şəxslərdən, İDİ əməkdaşı Ramil Babayevə istinadən qeyd olunub ki, İDİ və “Toplum TV” qrant təşkilatlarından maliyyələşir. Şahid özü və Ramil Babayev isə məhkəmədə bunu inkar edib. Nigar Nəcəfova ifadəsi zamanı mənbə göstərmədiyini, ümumi danışdığını deyib. Bu zaman müdafiə tərəfi bunun ifadənin müstəntiqlər tərəfindən yazıldığını bildirib.

Vəkil Günay İsmayılova şahidə ifadəsində niyə təqsirləndirilən şəxslərin şəxsi həyatlarına dair məlumatların yer aldığını soruşub. Nigar Nəcəfova bunu da inkar edib və istintaqa belə şeylər demədiyini bildirib.

Digər şahid, İDİ təlimlərində iştirak etmiş Ramin Əliyev heç kimdən ödəniş almadığını və maliyyə haqqında məlumatı olmadığını deyib. Təqsirləndirilən şəxslərdən, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli şahidə təlimlərdən nə öyrəndiyini soruşub. Ramin Əliyev təlimlərin faydalı olduğunu, demokratik institutlar və layihələrin necə yazıldığı haqqında məlumat aldığını deyib.

Şahidlərin dindirilməsindən sonra təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov keçən prosesdəki mübahisəni əsas gətirərək dövlət ittihamçısı Rauf Malışovun işdən kənarlaşdırılması tələbilə vəsatət qaldırıb. O, əvəzində baş prokuror Kamran Əliyevin məhkəməyə çağırılmasını tələb edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses zamanı hakim təqsirləndirilən şəxslərdən İDİ əməkdaşı Əli Zeynal və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin gülüşməsinə irad tutaraq onların məhkəməyə hörmətsizlik etdiyini deyib.“Məhkəmə var burada? Qərar əvvəldən verilib, indi şou gedir”, – Ruslan İzzətli cavab verib.

Növbəti məhkəmə prosesi dekabrın 8-i saat 10:00-a təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

You may also like