
Fotolar: Meydan TV
İcra Hakimiyyəti binalara nəzarət etmək istəmir, qanunsuz tikili sayır
“Biz bu binaya 8 il öncə köçmüşük. Alanda nə qapısı, nə pəncərəsi, nə tavanı, nə də düz əməlli suvağı vardı. 16 min manat alanda, 10 min manat da təmirinə xərclədik. Ödənişə dair müqaviləmiz var. 26 min manat pul xərcləmişik. Ancaq nə tam şəraitimiz var, nə də bina çöldən yaşayış binasına oxşayır”.
Bunu Meydan TV-yə Göyçay şəhəri, Heydər Əliyev prospekti, 207C ünvanında yerləşən yarıtikili binanın sakinlərindən Ramin Musayev deyir.
Onun sözlərinə görə, eyni ünvanda iki yarımçıq, köhnə tikili var. Amma 35 ildir ki, bu binalar nə tam təmir olunur, nə də sakinlərə yaşayış üçün normal şərait yaradılır.

Ramin Musayev deyir ki, Vüqar Qasımov adlı iş adamı vaxtilə bankdan pul götürüb bu binaları tikib. Bir bina tam, üçüncü bina isə elə üçüncü mərtəbəyə qədər tikilib:

“Xətlərdə qısa qapanma baş versə, bütün binanın yanmasına səbəb olar”
Sakinlər deyir ki, hazırda beş mərtəbəli binada 24 ailə yaşayır. Digər yarımçıq üçmərtəbəli binada isə yaşayış yoxdur. Çünki evsizlər və mənzil almaq istəyənlər səbirsizliklə binaların əsaslı təmirini gözləyir.
Binalar “Göyçay – Aqrotexservis” ASC-yə məxsusdur. Həmin cəmiyyətin sədri Vüqar Qasımov isə şirkəti ləğv edərək Rusiyaya gedib. Hazırda cavabdeh şəxs nə bina, nə sakinləri ilə əlaqə saxlayır.

Binaya zamanında su xətti çəkilsə də, su ərşə çəkilib. Qaz xətləri isə hələ çəkilməyib.
Bina sakini Rasim Əliyev deyir ki, qazın çəkilməsi üçün isə bina sakinlərindən ümumi 15 min manat məbləğində pul vəsaiti tələb olunur:

“Axşamlar mərtəbələrlə qalxmaq mümkün olmur. Hər yer qaranlıq. Telefon, fanar işığı ilə evimizə qalxırıq. Uşaq var, yaşlı var. Neçə dəfə olub ki, yıxılıb əl-ayağımızı sındırmışıq. Binaların ətrafı da, tavanı, çardağı da baxımsız vəziyyətdədir. Binanın arxasındakı su kanalına da kim nə gəlir tökür. Üfünət iyi gəlir. Özümüz təmizləyirik. Üç zibil qutusu yeni gətirilib. Ərazi şəhərin mərkəzi yox, yaddan çıxmış kənddir elə bil”, – deyə Rasim Əliyev bildirir.

Sakinlərinin həm də içməli su problemi var. 4 aydır ki, su fasiələ ilə verilir. Su xəttini də zamanında bina sakinləri özləri çəkdirib:
“Göyçay rayonunda dörd su xətti var ki, onlardan üçündə texniki problem var. Özləri deyir bunu. Ona görə bütün şəhəri su ilə təmin edə bilmirlər. 4 aydır ki, su problemi ilə üz-üzəyik. Səhər saatlarında su gəlir, günorta saatlarından axşama qədər kəsilir. Axşamlar da yenə zəif su gəlir. Bu su ilə heç nə etmək olmur. Mətbəxdə, hamamda əziyyət çəkirik. Binaya elektrik, qaz xəttini, rabitə, internet xəttini də çəkmirlər ki, bina tam hazır deyil və qeydiyyata alınmayıb. Şəxsi mülk kimi gedir bu iki bina. Həmin bina sahibinin də banka borcu var deyə üzə çıxmır. Nə vaxtsa, müsadirə edilsə, onda qeydiyyata alınacağıq”, – deyə bina sakini Aysel Əliyeva bildirir.

Çıxılmaz durumda qalan bina sakinləri Göyçay Rayon İcra Hakimiyyətinə müraciət ediblər.
Onların müraciətinə: “Yeni gələn icra başçısı baxacaq, həll edəcək”, – deyə cavab verilsə də, problem aradan qaldırılmayıb.
Göyçayın icra başçısının birinci müavin İkram Vəliyev həmin binaların texniki cəhətdən yaşayış standartlarına uyğun tikilmədiyini deyib.
O, Meydan TV-yə bildirib ki, hər iki bina Fövqəladə Hallar Nazirliyinin (FHN) qeydiyyatından keçməyib.

“İcra Hakimiyyəti bina tikən, sökən qurum deyil”
Vətəndaşların yazılı müraciətinə gəldikdə isə Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən əlavə ediblər ki, 90-cu illərin tikintisi olan binalarda vətəndaşların məskunlaşması qeyri-qanunidir.
Memarlıq şöbəsindən bildiriblər ki, tikintisi yarımçıq qalan binadan mənzil alan vətəndaşlar FHN-in nəzarəti ilə ora yerləşməli idi.

“MTK sahib çıxmırsa, qaz xəttini sakinlər çəkməlidir”
Göyçay Qaz İstismar İdarəsinin rəisi Pərviz Ədilov isə Meydan Tv-yə bildirib ki, idarəyə bina sakinlərindən rəsmi müraciət daxil olmayıb.
Onun sözlərinə görə, FHN-in texniki baxışı və rəyindən sonra binaya qaz xətti çəkilə bilər:
“Ümumiyyətlə, ölkədə qaz idarələrinin fərdi və binalara qaz xətti çəkmək kimi səlahiyyəti yoxdur. Çəkiliş ancaq podratçı təşkilatların işidir. Fərdi ev sahibləri “ASAN Xidmət”ə müraciət etməlidir. Binalara gəlincə isə onları tikən MTK-lar ya “Azəriqaz”a, ya da “Asan Xidmət” müraciət etməlidir, müəyyən rüsumlar var, onu ödəməlidir. Bu halda binaya qaz xətti çəkilir. MTK sahib çıxmırsa, qaz xəttini sakinlər çəkməlidir. Gəlsinlər, müraciət etsinlər, biz hara lazım olsa, ora yönəldərik. Ancaq binanın texniki sənədi olmalıdır”.
“Torpağın çıxarışı və FHN-nin rəyi olmadığından bina qeyri-qanuni tikilidir”
Hüquqşünas Taleh Hüseynov isə Meydan TV-yə deyib ki, ölkədə belə mübahisəli yaşayış binalarının sayı çoxdur.
O, Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il 529 nömrəli Fərmanını xatırladıb.
Bildirib ki, həmin fərman 2019-cu ilin yanvarın 1-dək tikilmiş, məskunlaşmış, amma tikinti icraçıları tərəfindən şəhərsalma qanunvericiliyi tələblərinin pozulması, yaxud tikinti layihələrinin rəsmiləşdirilməsindəki çatışmazlıqlarla əlaqədar vaxtında istismarına icazə verilməyən çoxmənzilli binaları əhatə edir.

“Bu cür binaların istismara qəbul olunmaması həm mənzili alan vətəndaşların mülkiyyət hüququnu pozur, həm də ümumiyyətlə ordakı yaşayışın təhlükəsizliyini sual altına alır. Bu fərmanın qəbulundan sonra işıq, su, poçt xidməti kimi problemlərlə üzləşmiş vətəndaşların bu çətinliklərdən xilas olacağı görsənirdi, təəssüf ki, ciddi bir irəliləyiş görünmür. Hazırda Fövqaladə Hallar Nazirliyinin rəyi əsasında çox az sayda bu cür problemli binaların sadələşdirilmiş formada istismarına icazələr verilib. İstimarına icazə verilməyən binadakı mənzillərə isə gələcəkdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması da mümkün olmur”, – deyə hüquqşünas bildirib.

Hüquqşünas hesab edir ki, torpaq mülkiyyətini təsdiq edən çıxarış və FHN-nin rəyi olmadığından bina qeyri-qanuni tikilidir:
“Əgər binadakı mənzillərin 50-55%-i satılıbsa, həmin bina sakinləri “Mənzil Mülkiyyətinin Müştərək” Cəmiyyəti adlı öz MMMC yaradıb rəhbər təyin edə bilərlər. Həmin MMMC-nin binanın idarəçiliyində iştirak etmək hüququ var. MTK rəhbərliyinə gəldikdə isə mqavilədə binanın hansı müddət ərzində tikilib təhvil veriləcəyi qeyd olunubsa, həmin müddət başa çatdığı tarixdən sakinlər bina rəhbərinə qarşı iddia qaldırıb müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini, yaxud dəymiş zərərin (ödənilmiş məbləğin) qaytarılmasını tələb edə bilərlər”.

