[:az]
“Aksiya zamanı onun əsas təşkilatçılarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi amansızlıqla rəftar edilib. Ölkə müxalifətinin lideri saxlanıldığı zaman heç bir müqavimət göstərməsə də, polislərin tələblərinə əməl edəcəyini desə də, ona qarşı nümayişkarcasına aşağılayıcı və zorakı, sanki cinayət başında zərərsizləşdirilən terrorçu kimi davranılıb. Əli Kərimliyə saxlanılarkən yerləşdirildiyi avtobusda Daxili İşlər Nazirliyinin Xüsusi Çevik Alayının altı nəfər əməkdaşı tərəfindən xüsusi amansızlıqla döyülüb, alçaldıcı və qeyri insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qoyulub. Maraqlıdır ki, ona qarşı edilən bütün zorakı hərəkətlər videokameraya alınıb. Müxalifət liderindən işgəncələr altında siyasi fəaliyyətdən imtina edəcyilə bağlı öhdəlik götürməsi tələb edilib. Təkcə bu fakt, ölkə müxalifətinin liderinin polis əməkdaşlarına döydürülərək işgəncələrə və alçaldığı rəftara məruz qoyulması, bu qeyri-insani əməlin, heç şübhəsiz ki, rəhbərliyin tapşırığı ilə və onun məmnunluq və zövqlə tamaşa etməsi üçün kameraya alınması Azərbaycan siyasi hakimiyyətinin hansı dərin mənəvi, ideoloji, psixoloji böhran və hansı ağır cinayətlər içində olmasına əyani sübutdur.
Əli Kərimli döyülən, xüsusilə də boğulan zaman həyatı üçün ciddi təhlükə yaranıb, daxili orqanları, qabırğası ciddi zədə alıb, beyni partlayıb və onun ölüm ehtimalı ciddi olduğu üçün aparıldığı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hospitalında beyninə altı tikiş qoyulub, boğazında boğulmanın, üzündə, başında aldığı xəsarətlərin açıq-aydın izləri var.
19 oktyabr dinc mitinqinin yüzlərlə iştirakçısı müxtəlif dərəcəli xəsarətlər alıb. Qadınlar, yaşlı insanlar polis tərəfindən zorakılığa məruz qoyulub, döyülüb, yerlə sürüdülüb.
Dinc mitinq zamanı saxlanılanlar arasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, Eldəniz Quliyev və Vahid Məhərrəmli də olub. Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb, onun işgəncəyə məruz qalması barədə təsdiqlənməmiş məlumatlar daxil olur.
Mitinq günü Bakının “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” metrostansiyaları fəaliyyətini dayandırıb, Bakının bütün giriş və çıxışları, eləcə də şəhərin mərkəzi sərt polis nəzarətinə götürülüb, yollar bağlanıb.
Mitinq saatlarında bütün Bakı ərazisində internet əlaqəsi məhdudlaşdırılıb, şəhərin mərkəzində isə, ümumiyyətlə, internet olmayıb, mobil və stasionar telefonlar bağlanıb, Bakının mərkəzinin dünya ilə əlaqəsi tamamilə qapadılıb”, deyə bəyanatda qeyd edilir.
Milli Şura beynəlxalq təşkilatları İlham Əliyev rejiminə qarşı geniş sanksiyalar tətbiq etməyə çağırıb.
“Açıq və ədalətli siyasi mübarizdə uduzduğu rəqibindən polis işgəncəsi altında siyasi fəaliyyətdən imtina haqqında öhdəlik tələb edən və ölkəni cəngəllik qanunları ilə idarə edən İlham Əliyev rejiminə qarşı geniş sanksiyalar tətbiq etməyə çağırırıq. Azərbaycan kleptokratik hakimiyyəti Maqnitski qanununun əhatə dairəsinə düşməyə çoxdan layiqdir və bu istiqamətdə ən qısa zamanda konkret addımların atılmağını gözləyirik”, deyə bəyanatda vurğulanır.
“Biz bu korrupsioner, talançı, quldur mahiyyətli və cinayətkar hakimiyyətə artıq tarixin dəftərxanasındakı yerini göstərmək üçün əziz xalqımızı dinc, sivil, konstitusion mübarizəyə çağırırıq. Yaşadığımız bütün məhrumiyyətlərə, üzləşdiyimiz bütün zorakılıqlara və hətta işgəncələrə baxmayaraq, Milli Şura olaraq bu mübarizənin önündə olaraq xalqımızı haqq etdiyi azadlığa, demokratik, azad, firavan və ədalətli cəmiyyətə qovuçdurmaq niyyətimizdə israrlıyıq. Bu şərəfli mübarizədə Qələbə Azərbaycan xalqının haqqıdır və o öz haqqına qovuşacaq!”, deyə bəyanatın sonunda bildirilir.
Turan[:]