[:az]
“Bakı Apellyasiya Məhkəməsi cəzamı üç il azadlıqdan məhrumetməyə endirərək, növbəti dəfə sifarişçilərin istəyini yerinə yetirərək, qanunsuzluğa yol verib.
Sentyabrın 18-də sonuncu məhkəmə iclasında bildirdim ki, ölüm aclığına başlayacağam, bu aclığı bu gün də davam etdirirəm”, deyə Rəhimovun ailə üzvləri vasitəsilə KİV-ə təqdim etdiyi bəyanatda bildirilir.
Rəhimov bəyan edir ki, onun ölümünə görə Azərbaycan hakimiyyəti, o cümlədən dövlət başçısının köməkçisi Əli Həsənov məsuliyyət daşıyacaq.
Rəhimov qeyd edir ki, bəyanatı bütün yerli və xarici KİV-lərə, beynəlxalqa, Aİ ölkələrinin səfirliklərinə, ABŞ səfirliyinə, hüquq müdafiə təşkilatlarına ünvanlanıb. “Sizdən baş verənləri diqqətlə izləməyinizi, ədalətsizliyə qarşı səsinizi yüksəltməyinizi xahiş edirəm”, deyə o yazır.
Amma Penitensiar Xidmət Rəhimovun aclıq etdiyi haqqında məlumatı təkzib edib. “İkram Rəhimovdan aclıq etməsi haqqında heç bir rəsmi müraciət daxil olmayıb”, deyə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndəsi bildirib.
*Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb. İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Etiraz əlaməti olaraq Rəhimov avqustda aclığa başlayıb, bu aksiyanı 30-cu gündə – sentyabrın 5-də dayandırıb.
Sentyabrın 18-də Apellyasiya Məhkəməsi Rəhimovun hədələmə yolu ilə pul tələb etmək təqsirini təsdiq edib, CM-in 62-ci (qanunla nəzərdə tutulmuş ən az cəzanın tətbiqi) maddəsini tətbiq edərək, həbs cəzasını 5,5 ildən 3 ilə qədər azaldıb.
Turan[:]