[:az]
Bir həftə öncə Gəncə hadisələriylə bağlı 11-nəfərlik başqa bir qrupun işində olduğu kimi, burada da prokuror ittihamın yüngülləşdirilməsini – CM-in 315.2 maddəsindən 315.1-ə tövsif edilməsini uyğun sayıb. Bu maddənin birinci bəndində hakimiyyət nümayəndəsinə (bu hadisələrdə polisə-red.) müqavimət göstərmə, zor tətbiq etməyə görə, ikinci bəndində isə həm də həyat və sağlamlıq üçün təhlükəli xəsarət yetirmə, zorakılığa görə məsuliyyət nəzərdə tutulub. Cəza müddətləri də fərqlidir.
«Hamımızın qanı bir-birinə qarışmışdı»
Prokuror CM-in 220.1 (kütləvi iğtişaşların təşkili, iştirak etmə) maddəsiylə verilən ittihamın isə olduğu kimi saxlanmasını istəyib. O iddia edib ki, təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib.
Bu 7-nəfərlik qrupdan Y.İsmayılzadə 9 il, Z.Məmmədov 8 il 6 ay, İ.Məhərrəmzadə 8 il, A.Yusifov və Q.Qarazadə 7 il 6 ay, E.Əliyev və A.Rüstəmov isə 6 il həbs cəzası alıb. Prokuror bu cəza müddətlərinin 4 il 6 ay-5 il 6 ay azaldılmasını təklif edib. Təqsirləndirilən şəxslərdən E.Əliyevə isə 1 il cəza istəyib.
Prokurorun çıxışı məhkəmə zalında olan valideynləri qane etməyib. Onlar prokurora etirazlarını bildiriblər. Deyiblər ki, övladları günahsızdır, nəinki 4-5 il, heç 1 il də həbsdə qalmamalıydı.
Təqsirləndirilən E.Əliyev də etiraz edib. Deyib ki, ittihamlar da, işdəki ekspert rəyləri də saxtadır.
Ekspert rəylərində Gəncə hadisələri zamanı öldürülən, xəsarət alan polislərin paltarlarında həbs olunan şəxslərin şalvar-köynəklərinə aid liflərin aşkarlandığı bildirilir.
«Bizi gecə-gündüz döyürdülər. O qədər döymüşdülər ki, hamımızın qanı bir-birinə qarışmışdı. Hamımızın qanlı paltarlarını eyni yerə tökmüşdülər. Sonra da ekspert rəy verir ki, filankəsin paltarında filankəsin paltarının lifi tapılıb», – təqsirləndirilən E.Əliyev belə deyib.
Bu iş üzrə məhkəmə avqustun 8-də davam edəcək.
Azadlıq Radiosu[:]